ubm group – ada universitetinin “vətən uğrunda” təqaüdünün sponsorudur

Cümə günü, 29 aprel 2016-cı ildə Bakının Gülüstan sarayında ADA Universitetinin məzun buraxılışı və “Vətəndaşlıq və sosial məsuliyyət: qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Tədbir çərçivəsində ADA Universitetinin təşəbbüskarı olduğu Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan “Vətən uğrunda” adlı yeni təqaüd proqramı da elan edilib. UBM Group şirkəti bu təqaüd proqramının sponsorlarından biri olmaqdan məmnunluğunu bildirir.

Həmçinin ADA-da təhsil almaq imkanı yaradan bu təqaüd Azərbaycanın bütün bölgələrindən olan istedadlı gənclər və eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin uşaqları və yaxın qohumları üçün nəzərdə tutulub.

Gülüstan sarayında keçirilmiş tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasim zamanı çıxış edib:

Bildiyiniz kimi, aprelin əvvəllərində bizim mərd övladlarımız Vətən yolunda şəhid olublar. Onların qəhrəmanlığı hesabına əldə edilən uğurlar hər bir azərbaycanlının ürəyini qürur hissi ilə doldurdu. Bütün millət ruh yüksəkliyini hiss etdi. Şəhid olan bütün övladlarımız Azərbaycan xalqının qəlbində və Azərbaycanın tarixində daim yaşayacaq. Onların ailəsinə yardım etmək Azərbaycan dövlətinin ən başlıca vəzifəsidir və bu sahədə dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Amma bizim hər birimiz, bütün cəmiyyətimiz bu insanların ailələrinə, analarına, atalarına, bacılarına, qardaşlarına dəstək olub yardım etməliyik.

Biz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canlarını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyirik. Onlar heç zaman unudulmayacaq. Bu baxımdan bu gün “ADA” Universitetinin təsis etdiyi “Vətən Uğrunda” təqaüd proqramı çox önəmli bir təşəbbüsdür və alicənab addımdır.

İnanıram ki, sizin bu təşəbbüsünüz cəmiyyətimizdə geniş dəstək qazanacaq. – deyə, birinci xanım əlavə etdi.

Həmçinin ADA Universitetinin rektoru Hafiz Paşayev tədbir zamanı çıxış edib:

“Hər bir dövlətin və xalqın sabahı barədə təsəvvürü onun bugünkü gəncləri yaradır”, – deyən Hafiz Paşayev bildirdi: Bu mənada, biz tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən məzunlar yetişdirməliyik. Bu gün “ADA” Universitetinin təsis etdiyi “Vətən Uğrunda” təqaüd proqramı da bu məqsədə xidmət edir. Proqramı dəstəkləyən bütün şirkətlərə və şəxslərə təşəkkürümü bildirmək istəyirəm. Bu gündən etibarən biz sizinlə Azərbaycanın sabahını qurmaqda tərəfdaşıq. Həmin Azərbaycanın ki, onu neçə-neçə oğulları öz canı-qanı bahasına qorumuşdur. İnanıram ki, bu təşəbbüsümüz daha da geniş dəstək qazanacaq və təqaüd proqramı ölkəmizin ən istedadlı gənclərini üzə çıxararaq onlara dünya səviyyəsində təhsil almaq imkanı verəcək. “ADA” yarandığı ilk gündən bizə etimad göstərən, yardım edən, bizə güvənən bütün tərəfdaşlarımıza və dostlarımıza buradan “Çox sağ olun” demək istəyirəm. Bugünkü nailiyyətlərimizdə sizin dəstəyinizin də payı var.”